Təlim-məşq
toplanışından qayıdan "Xəzər Lənkəran” dünən doğma meydanda "İnter”i qəbul
edirdi. Fasilədən qabaqkı komandayla müqayisədə obyektiv desək "Xəzər Lənkəran”
heyətini kifayət qədər gücləndirmişdi. Buna konkret baxışda nəzər yetirdikdə, Gedənlər: Kamal Bayramov
(Turan), Kamran Ağayev (Bakı), Akif Tağıyev, Branimir Subaşiç (Qarabağ). Adları
çəkilən və komandadan ayrılan bu futbolçuların gedişi demək olar ki, bu və ya başqa
səbəbdən gözlənilən idi. Çünki azarkeşlərimiz adları çəkilən bu futbolçuların
hansılarınısa zəif çıxış etməkdə və hansilarınısa digər səbəbdən komandada
görmək istəmirdilər və hər oyundan sonra demək olar ki, tənqid atəşinə
tuturdular. Yaxın keçmişin münasibəti konkret olaraq belə idi və belə demək
mümkünsə, istəklərimiz yerinə yetirildi. Gedənlərin yerlərini doldurmaq və bu
baxımdan komandanı daha da gücləndirmək lazım idi ki, müəyyən mənada gedənlərlə
müqayisədə yeni gələnlərin siyahısına nəzər yetirdikdə bunun baş tutduğunu
demək olar.
Gələnlər: Gökhan Güləç (Türkiyə),
Uğur Pamuk (Sumqayıt), Marin Orsuliç (Xorvatiya), Alvaro Silva (İspaniya),
Antonio Doblas (İspaniya), Estebian Oluqin (Argentina). Bu isimlər kifayət
qədər gedənlərdən üstün sayılmalıdır. Çünki komandadan gedənlər nə "Barselonaya”
və nə də məsələn, "Köln”ə, heç "Saraqosa”ya, nə "Malaqa”ya və nə də
Xorvatiyanın və ya Türkiyənin hansısa klubuna getməyiblər ki, biz onları
gələnlərdən güclü sayaq.
"İnter”lə dünənki oyunda komandamız
heç də gözlənilən səviyyədə oyun nümayiş etdirə bilmədi və nəticədə məğlub
oldu. Bundan sonra yeni gələnlərin məsələn, qapıçı Toni Doblasın müəyyən qrup azarkeşlər
tərəfindən sərt tənqid olunması başladı. Düzdür, ilk oyunundaca üç top buraxan
qolkiper bu oyuna görə tərif oluna bilməz. Amma əsl səbəbləri axtardıqda dab u qədər
aşağılana bilməz. Məgər, bu boyda koryerasına rəğmən T. Doblas istəyərdimi ki,
ilk oyunda üç top buraxsın? Məgər o, bilmirdi ki, burada ilk oyununa çıxdıqdan
sonra Avropanın və əsasən də İspaniyanın idman mətbuatı ondan yazacaq və heç də
xoş olmayan müsahibələr almağa çalışacaqlar? Bu baxımdan əsas səbəbləri
araşdırmadan hər hansı tənqidlərə yol vermək düzgün sayılmamalıdır. Dünənki
oyunda T. Doblasın gözəl qurtarışları və rəqib hücumunun böyüyərək qol
təhlükəsinə gətirib çıxaran momentlərini lazımi manevrlərlə əngəlləməsi də az
olmadı. Bəzən onun ifasında avropasayağı qapıçı dinamikliyinin də şahidi olduq
ki, bu hələ komandamızda görünməmiş hal idi.
Nə isə əsas səbəblərin müzakirəsinə gəldikdə bu yazının başlığında da
özünü göstərir. "Gücləndirilmiş
heyət, gözlənilən məğlubiyyət”. İlk baxışda bu fikir təzadlı görünə bilər. Yəni,
əgər heyət gücləndirilibsə, niyə məğlubiyyət gözlənilən olmalıdır. Bax elə əsas
səbəb də bu sayılmalıdır.
Deyilən kimi gələn futbolçularla gedənlər
müqayisə olunduqda heyətimiz daha da güclənmişdi. Amma məğlub olduq. Futbola
yaxından bələd olan insanlar təsdiq edə bilər ki, hər hansı güclü heyət heç də
qələbənin və uğurun mütləq açarı demək deyil. Burada onlarla digər faktorlar
var. Heyətin stabil olması, fiziki hazırlıq, əzmkarlıq, xətlərarası əlaqə,
düzgün seçilmiş taktika və sair və ilaxır. Bir də oyunun xarakteri, hətta kubok
və ya çempionat oyununun fərqləri, ev və səfər matçlarının xarakter fərqləri
kimi nüansları da bura əlavə etmək lazımdır. Digər fərqlərdən biri kimi bura
uzun fasilədən sonra, yəni ritmə düşməmiş komandanın psixoloji və digər baxımlardan
da ibarət olan ilk matç məsələsidir. Bütün tanınmış məşqçilərdən və o cümlədən
sevdiyimiz Mirça Rednikdən də dəfələrlə, yeni start dövründə, "ilk oyun idi” və
ya "ilk oyunun çətinliyinə baxmayaraq qələbə qazandığımıza görə çox şadam” kimi
ifadələr eşitmişik. Bunu anlamaq o qədər də çətin deyil. Doğurdan da hər hansı
peşədə uzun fasilədən sonra, yenidən
start götürdükdə insane əvvəlki ritmikliyi özündə hiss etmir. Bir müddət sonra
isə hər şey əvvəlki kimi qaydaya düşür.
Təbii ki, təcrübə baxımından Bakes,
Rednik deyil. Rednik kimi böyük məşqçilər təcrübələri hesabına ilk oyunda da qələbə
qazanmağın sirrlərini çox yaxşı bilirlər. Təbii ki, Bakes hələ gənc bir məşqçidir.
Amma istedadlıdır. Əvvəldən dediyimiz kimi onda yalnız praktik sərkərdəlik təcrübəsi
çatmır. Lakin onun istedadı fonunda bu qısa zamanda aradan qaldırıla biləcək
çatmamazlıqdır. Bunu o, ilk hissədə buraxdığı səhvləri düzəltməklə, ikinci hissədə
ortaya qoya bildi. İkinci hissədə taktiki planda və əvəzetmələr fonunda komanda
əzmkarlıq nümayiş etdirərək iki qol da vura bildi. Hətta Sialması cərimə
meydanında geyimindən çəkərək yıxan rəqib futbolçunun hərəkətinə görə
komandamız penalti qazanıb bunu bərabərlik qoluna çevirsəydi, onda çoxlarımız yəqin
ki, əzmkarlığın və sona qədər oynamağın müsbət nəticələrindən danışacaqdıq.
Amma insafən Bakes birinci hissədən
fərqli, ikinci hissə ortaya qoya bildi. Elə Bakesin komandamızın başına gəldiyi
və "Bakı” ilə ilk oyuna çıxdığı matçı yada salmaq yerinə düşər. Bərbad oyun və
məğlubiyyət. Amma sonra oyun planında xeyli artım və nəticədə əzəli rəqib "Neftçi”
üzərində qələbə onun istedadının göstəricisi sayıla bilər. Sadəcə praktik
olaraq Bakes dünən də "ilk oyun” sindromu yaşadı ki, bunu da ilk hissədən sonra
düzəltməyə böyük ölçüdə nail ola bildi.
Bəzən bunları nəzərə almayıb, insane
fantastic nəticələr gözləyir ki, bud a alınmayanda çox məyus olur və harda gəldi
səhv axtarmağa çalışır. Rednikdən sonra yaxın keçmişdəki səhv addımlarla xeyli
zəiflədilmiş, komandamız yeni-yeni özünə gələrkən ümidlərimizi bərbad etməyək.
Bizdə İspaniya "La Liqa”sından gəlmiş Toni Doblas və Alvaro Silva kimi tanınmış
isimlər, "Roma” kimi, "Dinamo” Buxarest kimi klublarda oynamış və bu gün də heç
də zəif olmayan Adrian Pits və Manuel Skarlatake kimi təcrübəli futbolçular və belə
təcrübəli isimlərlə birgə 15 yaşında əsas heyətə düşə bilən istedadlı Elnur Cəfərovlar
var. Əlbəttə bu gün Elnur Cəfərovdan Messi olmağı tələb etmək mümkün olmadığı
kimi, Bakesdən də Qvardiola olmağı tələb etmək mümkünsüzdür. Amma onlar
istedadlıdırlar və çox da uzaq olmayan böyük gələcək vəd edirlər. Həvəsdən düşmək
üçün heç bir əsas yoxdur, "Xəzər Lənkəran” bizim yeganə ümid yerimizdir.
Səbr ilə halva
bişər ey qora səndən,
Bəsləsən atlas
olar tut yarpağından.
Mirhafiz Babayev