
"Xəzər Lənkəran” bizim komandamızdır, onu sevənlərin
komandasıdır. Bu üzdən daim diqqət mərkəzimizdədir və daim müzakirə
mövzumuzdur. Ən son olanlar isə yenidən komandaya qaytarılan qapıçı Kamran Ağayevin
yenidən kaprizlərə başlaması və bununla əlaqədar mətbuat və televiziyaya
çıxması azarkeşlərin həm söhbətlərdə və həm də sayt və sosial şəbəkələrdə qızğın
müzakirəsinə səbəb olub. Müzakirələr bir az əvvəlki dövrləri də əhatə edərək, Rednikin
gedişində onun roluna və ya haqlı olmasına qədər gedib çıxır. Müzakirələrdə həm
də yerli kadrlara və əcnəbilərə münasibət də yer alır. Bütün fikir bildirənlərə
təşəkkür edərək onu bildirmək istəyirik ki, çoxdan yaranmış bu problemə hər kəs
müəyyən təəssübkeşliyi ilə yanaşıb. Bütün fikirlərdə həqiqət
bu və ya başqa formada bildirilib. Ona görə də hamısına hörmətlə yanaşırıq. Amma məsələyə bir var ki, ümumi
konteksdən yanaşasan, bir də var ki, konkret yanaşma nümayiş etdirəsən. Bu məsələyə
ümumi konteksdən yanaşma dövrü arxada qalıb. Çünki yerliçilik, əcnəbi söhbətləri
çox müzakirə olunub. Əlbətdə yerli kadrlar nə qədər lazımi səviyyədə və nə qədər
çox olarsa, bu millətin inkişafının göstəricisi sayılar. Amma müqəddəslərimizin
"Əgər elm uzaq Çindədirsə, onu gedib öyrənmək lazımdlr" kimi kəlamlarını
da unutmamalıyıq. Bu fikirlər tarixin sınagından keçmiş olduğundan mübahisə
obyekti ola bilməz.
Bu mənada hər hansı bir əcnəbidən nəsə öyrənmək
lazımdırsa, bunu əlbətdə etməliyik. Yoxsa özümüzə qapanıb
bizdən başqa yalandır fikri, bizi çox geridə qoya bilər. Allah başda Hacı
Zeynalabdin Tağıyev kimilərə rəhmət etsin ki, öz şəxsi vəsaitləri hesabına,
millətini düşünərək neçə-neçə azərbaycanlıları xaricdə təhsil alaraq dünya təcrübəsinə
yiyələnmək üçün göndərib oxutmuşdur. Bu gün bu dövlət səviyyəsində də həyata
keçirilir.
Bu mənada Rednik məsələsinə yanaşdıqda, həqiqətən bizim, futbol mənasında onun kimi mütəxəssislərdən öyrənməyə çox ehtiyacımız var. Müzakirələrdə Rednikin əgər yaxşı mütəxəssis
olsaydı Azərbaycanda və ərəb ölkələrində niyə işləyirdi? Kimi fikirlər də səsləndirilib.
Cavab olaraq bəzi şərhlərdə isə adlı-sanlı məşqçilərin Asiya kimi futbolu zəif
ölkələrdə işləməsi də qeyd olunub. Skolari, Ziko kimi məşqçilərin hətda orta
asiya ölkələrində işləməsi misal göstərilib.
Bunun nəyi pisdir ki, həmin ölkələr də onların
təcrübəsindən yararlanmaq istəyiblər. O cümlədən biz də Rednik
kimi mütəxəssisdən. Rednikin "Xəzər Lənkəran"da işlədiyi dönəmi
yadımıza salsaq, komandanın nə qədər yüksəlişdə olduğunu bir daha göz önünə gətirmək
olar. Yoxsa, indiki bərbad oyunlar və bərbad ab-hava ilə 10-12-ci yerləri
bölüşdürmək bəlkə daha
yaxşıdır?
Mirça Rednik bu gün komandada deyil. Hansı müsbət dəyişikliklər
var? Əgər varsa, buyurun deyin! Rednikin zamanında Kamran Ağayevin kaprizləri
daha şiddətli idi. Oyunlara çıxmamaq, məşqləri yarımçıq qoyub, istədiyi vaxt
düşərgəni tərk etmək kimi özbaşınalıqlar və sair və ilaxır. Özü də onda o, tək
də deyildi. Qoşulanları da var idi. Hətda mətbuat və futbol qurumlarını da bura
əlavə etsək, vəziyyətin necə acınacaqlı olduğu ortada idi. Məhz Mirça Rednikin
həqiqi böyüklüyü sayəsində o vaxt bunlar güclü nizam-intizam sayəsində qaydaya
qoyula bilirdi. Daha bugünki kimi hətda teleekranlara belə gedib çıxmırdı. İndi
ki, Rednik yoxdur. Yerli deyə hayqıranlar indi də bunu görmürmü? Məşqçi yerli,
köməkçilər yerli, idarəçilər yerli.
İndi bir Kamranın məni sayan olmadı deyərək, düşərgəni
özbaşına tərk etməsi niyə bu qədər qloballaşıb mətbuatın gündəmindən düşmür? Hətda
televiziya ekranlarına çıxaraq daha geniş kütləyə çatdırılır? İndi ki, Rednik
yoxdur! Daha əcnəbi mütəxəssislər yox, hamı yerli mütəxəssislərdir. Deməli, biz
özümüz-özümüzü yandırmışıq. Yüksəlişdə olan bir komandanı hansısa ucuz kaprizlərə
qurban vermişik. Guya səbəbkar Rednik idi deyə, vəziyyətdən çıxma yolunu onun
gedişində görmüşük. Bəli, belə eybəcər nəticəyə gəlib, min bir yolla ədalətsizliklər
etdik. Elə bir komandanı uşaq-muşaq əlinə verdik. Bu idimi bizim çıxardığımız nəticə
və atdığımız addımlar? Komandanın bu günki durumu hər kəsə sübutdur. Bunun
müzakirəyə belə ehtiyacı qalmayıb. Redniki uzaqlaşdırmaqla, elə nə qədər özümüzə
xəyanət etmiş olduq. Yaxşı günlərini pis günlərə dəyişənlərə başqa ad vermək
mümkündürmü?
Kamran Ağayevin son teleekranlarda çıxışı da çox mətləblərə
aydınlıq gətirdi, dediklərimizi bir daha sübut etdi. Adamın milli komandanın
çılxışı ilə əlaqədar dediyi bir fikir vardı;-millinin belə zəif çıxışında həm
baş məşqçi Berti Foqtsun günahı var, həm də bizim. İlk baxışdan guya təvazökarcasına
deyilmiş fikir kimi görünür. Amma diqqətlə yanaşdıqda, futbolçunun məşqçini belə
günahlandırması nə dərəcədə düzgündür? Baş məşqçi əleyhinə kimliyindən asılı
olmayaraq belə bir çıxış edən futbolçu cəzadan kənarda necə qala bilər? Bu əcnəbi
dünyanı bəyənmədiyimiz hansı ölkədə baş verə bilər? İşin maraqlı tərəflərindən
biri də o idi ki, artıq məşqçilik fəaliyyətinə başlamış Aslan Kərimov da
studiyada olaraq, bu fikirlərin təsdiqinə qoşulur. Bir demir ki, ay futbolçu, sən
kimsən ki, məşqçilik fəaliyyətini tənqid edirsən? Sənə bu səlahiyyəti kim
verib? İndi yerli məşqçi Aslan Kərimov hansı iradəylə məşqçiliyini davam etdirəcək?
Bəli, belə fikirlər Rednikin arxasıyca da çox deyilmişdi. Deməli, susan Aslanlar
heç zaman Rednik kimi səviyyəli mütəxəssis ola bilməyəcək. Və biz də yerli qətiyyətsizlərin
ümidinə qalıb, futbolumuzdan inkişaf gözləməliyik. Səviyyəli əcnəbilərə isə
yerli materiallardan torba tikməliyik. İnkişaf et ölkə futbolu! Görək necə
edirsən? Sözümüz həm də verilişdə iştirak edən, hörmət bəslədiyimiz Ceyhun bəyədir.
Ceyhun bəy azarkeşləri qınayaraq, niyə oyunun əvvəlində istefa qışqırmalarını
anlamadığını söyləyir. Deyir ki, hələ oyunun bitməsinə çox qaldığından komanda
bəlkə 3, bəlkə də 4 top vuracaq. Razıyıq, Ceyhun bəy! Əgər bir oyunla məsələyə
qiymət verməkdən söhbət gedirsə. Amma hamı kimi siz də bilirsiniz ki, "Xəzər Lənkəran”ın
dərdi elə bu oyun deyil. "Xəzər Lənkəran” kimi komanda uzun müddətdir ki, mənliyini
axtarıb tapa bilmir. Baş məşqçi isə, sizin dediyiniz kimi komandaya 3-4 top qazandırmağın
yolunu çoxdan itirib, əvəzində 3-4 dəfə istefa verib, ətrafı istefaya göndəriləndə
müdafiə edə bilməyib. Oyunun bitiminə qalan hansı 60-70 dəqiqədən danışaq ki,
6000-7000 dəqiqədir ki, komanda özünə gələ bilmir. Söhbət kiminsə istefasından
getmir. Biz fanklub olaraq, istefa qışqırılmasını çıxış yolu saymırıq. Amma nəhəng
bir komandanın çöküşünə də dayana bilmirik. Bunun üçün də lazım olan addımların
atılması xahişiylə klubun sahibinə müraciət də etmişik. Bəli, Ceyhun bəy, sizdən
də bir oyuna görə yox, ümumi qiymət gözləyirdik. Həm də azarkeşlər niyə yerli məşqçilərə
qısqanc yanaşırlar? sual doğru fikrinizə bir il əvvəlki "Xəzər Lənkəran”la,
bugünki "Xəzər Lənkəran”ı müqayisə etmənizi istəməklə cavab veririk. Yanınızda
futbolçu məşqçini tənqid edir, buna nə Aslan və nə də siz münasibət
bildirmirsiniz. Yetişəcək olan Aslan nə qədər qətiyyətsiz olacaqsa, azarkeşlərin
qətiyyətsiz məşqçiliyimizə münasibəti də sizin cavabınız sayıla bilər. Tənqid
etmək fikrindən uzaq olsaq da, sizlərdən qətiyyət gözləməyə haqqımız çatır. Axı
bunu Mahir Rüstəmli kimi siz də deməliydiz. Biz sizləri gələcək ədalətsevərlər
kimi tanımaq istəyirik.
Qətiyyətdən söz düşmüşkən 6 şikayətçi futbolçunu
göndərin, ya da özünüz gedin tələbinə Mirça Rednikin cavabı belə olmuşdu: "Onları
komandaya mən gətirmişəm. Necə olur ki, onları kənarlaşdırım, özüm isə buradan
maaş alım? Əgər hər şeyi belə tələsik istəyirsinizsə, yaxşısı budur özüm gedərəm!”
Belə qətiyyətli yerli mütəxəssislərimiz də yox deyil. Qapıçılarla işləyən məşqçimiz
Hafiz Əliyev, Kamran Ağayevin qaytarılmasına münasibət soruşulanda: O məni bir
məşqçi kimi bəyənmədiyini və arxamca çox söz danışdığını bilərək, mən ona necə
məşq keçə bilərəm? Qoy kimi bəyənirsə, elə onunla da məşq etsin. Mən ona məşq
keçməyəcəıyəm! Fikirlərini qəzetə də açıqlamışdı. Lənkəran futbolunun canlı əfsanələrindən
sayılan bu son dərəcə hörmətli şəxsiyyət və nüfuz sahibi karyerasını bəlkə də təhlükə
altına qoysa da sözünün üstündə duraraq, qətiyyət göstərdi. Məhz belə qətiyyət
hesabına komandamız düşdüyü intizamsız günlərindən qurtula bilər. Komandanı
bugünki vəziyyətdən çıxara biləcək insanlar məhz belə qətiyyət sahibi olmalıdır.
Halal olsun belə insanlara. Onlar doğurdan da şəxsiyyətdirlər.
Verilişin ən sonunda isə açılan bir həqiqət, ədaləd
məvhumunun yaşadığına bir işarə idi. Bəli, ən sonda həmişə Redniki mən Rednik
eləmişəm deyən Kamran Ağayev bunları dedi: "Mirça Rednik doğurdan da çox güclü
mütəxəssis və nizam-intizamı sevən biriydi.”
|