
Mövzu
yenə hakimliklə bağlıdır. Futbolun inkişafında və ya əksinə tənəzzülündə
hakimliyin rolu xüsusi çəkiyə malikdir. Elə bütün bunlara görə hakimin oyunu
idarə etməsi beynəlxalq futbol qurumları tərəfindən qəbul olunmuş qaydalar çərçivəsində
tənzimlənir. Oyunu həmin qaydalar çərçivəsində necə idarə edə bildiyini qiymətləndirmək
üçün isə hakimə nəzarət etməli olan xüsusi komitələr fəaliyyət göstərir.
Bununla da hakimə müəyyən qiymət verilir. İdarəçilik müsbət qiymətləndirildiyi
təqdirdə həmin hakim növbəti oyunlara təyinat alır və ya əksinə olduqda müəyyən
cəzalara məruz qalır, növbəti matçlara təyinat almaqdan məhrum edilir. Bu həm
bütün beynəlxalq turnirlərə və həm də ölkə daxilində keçirilən yarışlara aid
edilir. Əlbəttə, daxili yarışlarda bütün bunlara yerli futbol qurumları nəzarət
edir.
İstər
milli komandaların, istərsə də klubların iştirakı ilə keçirilən bütün turnirlərdə
hakim təyinatında daha başqa nüanslara da riayət olunur. Heç kim deyə bilməz
ki, hansısa milli komandaların və ya klubların iştirakı ilə keçirilən rəsmi
matçı idarə edən hakim, iştirakçı komandalardan birinin təmsil etdiyi ölkənin vətəndaşı
olsun. Məsələn, Braziliya ilə İngiltərə arasında keçirilən rəsmi matçı idarə
etmək üçün, hakim nə Braziliya vətəndaşı və ya milliyyətcə braziliyalı, nə də
İngiltərə vətəndaşı və ya milliyyətcə ingilis olarsa, təyinat almır. Mütləq belə oyun
üçüncü bir dövləti təmsil edən hakimə tapşırılır. Elə klub turnirlərində də bu
prinsiplər mütləq gözlənilir. Məsələn, "Barselona” və "Bavariya” arasında hər
hansı rəsmi matçı nə ispan, nə də alman hakimin idarə etməsi mümkündür. Burada
da oyun mütləq üçüncü bir dövləti həm də milləti təmsil edən hakimə tapşırılır.
Çünki, əlbəttə hakim hər iki tərəfdən birinin ölkəsini təmsil edərsə, istər istəməz
öz ölkəsinin komandasına rəğbət bəsləmiş ola bilər və bu onun matç ərzində verdiyi qərarlara
da təsirsiz ötüşməz. Belədə ədalət prinsipləri pozulmuş olacaq, hakim isə ədalət
təmsilçisidir. Göstərdiyim məqamlar beynəlxalq turnirlərə aiddir.
İndi
ölkə daxili yarışları da bu baxımdan analiz etsək, yenə eyni prinsiplərin gözlənildiyinin
şahidi olacağıq. Məsələn, "Milan” və "Roma” arasında keçirilən matçı nə Milan şəhərini
nə də paytaxt Romanı təmsil edən hakimə tapşırmırlar. Çünki burada da ən azı
simpatiya hissləri, ədaləti qorumalı olan şəxs tərəfindən elə ədalətin
pozulmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan da istisna deyil və
olmamalıdır. Lakin bəzən daha incə məsələlər vardır ki, bunları da gözləmək
vacib sayılmalıdır, bəzi milli adət-ənənələrimizi nəzərə alsaq. Konkret Fariz
Yusifov məsələsinə keçməzdən əvvəl bir haşiyə kənara çıxmaq istəyirəm.
Mən
institutda oxuduğum illərdə bir kafedraya rəhbərlik edən böyük alim, professor
və çox titullara sahib olan səxsiyyət başçılıq edirdi. Ad çəkmədən demək istəyirəm
ki, Azərbaycan tibb elmində və Azərbaycan Dövlət Tibb İnstitutu tarixində böyük xidmətləri olan, həmçinin kafedra müdiri işləyən həmin səxsiyyət
özü də Lənkəranlı idi və çox maraqlı idi ki, həm dərs həm də imtahan zamanı bu
kafedrada ən çox "əziyyət çəkən”, imtahandan kəsilən tələbələr də məhz lənkəranlılar
olurdu. Biz, yerliyik deyə bu kafedradan "yumşaqlıq” gözlədiyimiz halda əksinə,
daha çox "ögeylik” görürdük və bu bizi çox təəccübləndirirdi ki, yerli də
yerlisini bu qədər incidər? Əlbəttə, bu zəhmli insandan bunun səbəbini
soruşmağa da cürət etmirdik. Lakin həmin kafedradan qurtardıqdan və illər
keçdikdən sonra biz, professor, siz niyə yerlilərinizə bu qədər əziyyət
verirsiniz? Sualına çətinliklə cavab ala bildik. Cavab belə idi: "Əzizlərim,
bildiyiniz kimi mən də sizin kimi lənkəranlıyam. Sizləri əslində incitməmişəm.
Siz fənni daha yaxşı öyrənəsiniz deyə tələbkar olmuşam. İkinci bir tərəfdən isə
qoy deməsinlər ki, filankəs yerlilərinə rahat qiymət yazır”. Beləliklə,
doğrudan da biz istər istəməz həmin fənni daha dərindən öyrənirdik, həm də
professor öz karyerasına kölgə düşməsinə imkan vermirdi.
İndi
nə demək istədiyimi yəqin ki, bildiniz. Deyilənə görə Fariz Yusifovun da bir tərəfi
lənkəranlıdır. Bəlkə o da bu sindromdan əziyyət çəkir. Demək olar onun idarə
etdiyi bütün oyunlarda "Xəzər Lənkəran” əleyhinə qərarlara rast gəlirik. Oxşar
epizodlarda rəqibin xeyrinə verdiyi qərarlarda, daha kəskin epizodlarda "Xəzər
Lənkəran”ın lehinə qərarlar vermir. Konkret "Bakı” ilə son çempionat oyununda cərimə
meydançasında rəqibin bilərəkdən qapıya gedən topa əllə müdaxilə etməsini hər kəsin
gördüyü halda Fariz Yusifov niyə görmədi? Yəqin fikirləşir ki, "Xəzər Lənkəran”ın
lehinə qərar versə, deyərlər ki, yerli olduğun üçün komandaya simpatiya bəsləyib
onun xeyrinə qərar verirsən. Bununla da öz karyerasını zərbə altına qoymaq istəmir.
Yerliliyin belə mənfi xüsusiyyətləri də vardır, baxır insanın xarakterinə. Amma
Fariz bəyə onu deməyi özümə borc bilirəm ki, yerli oldu-olmadı matça təyinat
almısansa, əsas ədalət prinsiplərini gözləməlisən. Əgər bir insan kimi dediyim
nüansların öhtəsindən gələ bilmirsinizsə, onda "Xəzər Lənkəran”ın oyunlarına təyinata etiraz
edin. Hakimlər komitəsi də belə incəlikləri nəzərə alıb sizi "Xəzər Lənkəran”ın oyunlarına təyin etməsin.
Mirhafiz
M. Babayev "Bosman" fanklubunun rəhbəri
|