
2011/2012
futbol mövsümü "Xəzər Lənkəran” üçün xeyli çətin və strategiya baxımından
anlaşılmaz başlasa da komandamızın geridə qalan səkkiz turu uğurla keçirərək, hələki
ilk pillədə qərarlaşması, şəriksiz liderliyini sürdürməsi bütün azarkeşlərimizi
çox sevindirir. Bu həmin azarkeşlərdir ki, keçən mövsüm Mirça Rednikli "Xəzər Lənkəran”la
gümüş medallara sahib çıxmanın və ölkə kubokunu qazanmanın sevincini
çılğıncasına yaşadılar. Avrokubok həyacanını yaşayaraq, ilk mərhələdəcə güclü Təl-Əviv
"Makkabi”sinə iki oyunun nəticəsinə görə məğlub olmanın üzüntüsünü yaşadılar.
Onu da deyək
ki, sonrakı mərhələlərdə "Makkabi” bu il də heç də zəif rəqib olmadığını dəfələrlə
sübut etdi. Belə ki, Moldovanın ən güclüsü olan "Şerif”i yarışlardan kənarlaşdırmağı
bacaran, "Jelezniçar”ı səfərdə 0:2, evdə isə 6:0 məğlub etməklə üst-üstə səkkiz
cavabsız topla keçməyi bacardı. Bundan sonra Avropada az-çax tanınmış
Yunanıstanın "Olimpiakos klubunu evdə 3:0 məğlub etdi və iki oyunun nəticəsinə
görə onları da keçməyi bacarıb, Avropa Liqasının qrup mərhələsinə adını
yazdırdı. Bax belə güclü rəqiblə qarşılaşan və heç də əskik oyun nümayiş etdirməyən
"Xəzər Lənkəran”ın dözülməsi mümkün olmayan acı günləri başladı.
Bəli, bir "Xəzər
Lənkəran” azarkeşləri kimi biz də bu günləri, bu dəqiqələri və başverənləri
yada saldıqca sanki damarlarımızda qanımız hərəkətdən dayanır. Çox şükürlər
olsun ki, "Xəzər Lənkəran” camiəsi olaraq, həm azarkeşlər, həm məşqçi-futbolçu
heyəti və həm də klub rəhbərliyi bu vəziyyətdən çıxmağı bacardı. Bu gün isə yetərincə
uğurlu çıxış edərək, zirvəni fəth etməyi bacarıb.
Bu olanlardan
sonra komandanı toparlayıb hal-hazırki yüksək səviyyəyə çatmaqda, keçən
mövsümün isə azarkeş-komanda sıx birliyində və gözəl oyun üslubu ilə titullara
çatmasında cənab Mirça Rednikin böyük əməyi var. İnanırıq ki, bu mövsüm də
azarkeş-komanda birliyi nəticəsində daha böyük uğurlara imza atacağıq. "Xəzər Lənkəran”
azarkeşi bunu qiymətləndirə bildiyi kimi, onların sevimlisinə çevrilən Mirça
Rednik də bunu çox gözəl başa düşür və qiymətləndirməyi bacarır. Məhz onun həmişə
vurğuladığı kimi: "Azarkeşlərimizə minnətdarıq!”, "Bu qələbəni azarkeşlərimizə
hədiyyə edirik!”, "Onlar həmişə bizim yanımızdadırlar!”, "Bu azarkeşlərlə ölümə
getməyə belə dəyər!”, "Olnar daha artığına layiqdirlər!”, "Onlar əzizlənməyə
layiqdirlər, onları qoruyun!” kimi fikirləri söyləyərək, daim azarkeş faktoruna
xüsusi diqqət yetirməsi əlbəttə, "Xəzər Lənkəran” azarkeşinin kimliyindən xəbər
verən bir amildir və baş məşqçi tərəfindən bunun qiymətləndirilməsi isə onlar
üçün bəlkə də ən böyük mükafatdır. Arzu edirik ki, azarkeş amili bütün səviyyələrdə
belə qiymətləndirilə bilsin. Yalnız bu halda əlbəttə komandamız ən yüksək
nailiyyətlərə doğru inamla adımlaya bilər.
Mirça
Rednikin azarkeşlərə verdiyi önəm haqqında yuxarıda özünün dediyi fikirləri
yada salmışdıq. Hətta onun yenidən komandamızda qalması və müqaviləyə imza
atması zamanı da dediyi sözləri bir daha yada sala bilərik. "Mənə maddi
baxımdan daha yüksək təkliflər olmasına barmayaraq, mən yalnız "Xəzər Lənkəran”la
müqaviləyə imza atdım. İmza atarkən isə yalnız azarkeşləri düşündüm” deməsi, bu
səbəbdən "Xəzər Lənkəran”ı sevməsi və bu komanda ilə daha böyük gələcəyə
inanmağını söyləməsi əlbətdə bizə də xoşdur. Biz də onun istedadına və təcrübəsinə
inanaraq, komandamızın uğurlarına inanırıq.
Komandamızın
son ölkə kubokunu qazanarkən, Lənkərana qayıdaraq azarkeşlərlə stadionda nəzərdə
tutulmuş tədbirə yollanan zaman, onların qaliblər kimi necəı qarşılanması yəqin
ki, çoxlarının yadından çıxmayıb. Bu mənzərədən riqqətə gələn Mirça Rednikin
dediyi aşağıdakı fikirlərlə çoxlarımız artıq tanış olsaq da, onun özünün
avtobusda gedərkən bu mənzərələri lentə almasından bəlkə də çoxları xəbərsizdir.
Çoxdan idi ki, Rednikin özünün lentə aldığı bu kadrları sizlərə təqdim etmək
istəyimiz vardı. Amma bizdən asılı olmatan müəyyən səbəblərdən yubanmalı olduq.
Beləliklə eksklüziv olaraq Rednikin özünün çəkdiyi şəkilləri "Bosman” fanklubunun rəsmi saytında sizlərə təqdim
edirik.
Mirça Rednik:-"Yol boyu yüzlərlə maşının bizi
müşayiət etməsi, Lənkəranın küçələrində minlərlə insanın bizi alqışlaması elə
sevindirici hissdir ki, sözlə ifadə etmək mümkün deyil. Küçələrə axışan, evlərinin
qapısına çıxaraq bizi alqışlayan uşaqlı, qadınlı, qocalı hamı bizə sevgisini
göstərdi. Sevincimdən az qala ağlayacaqdım. Harada olmuşamsa belə bir
qarşılanma heç yerdə heç vaxt görməmişəm.” 

|